Gəncləri xüsusən milli vətənpərvərlik, hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək lazımdır. Milli vətənpərvərlik prinsipi gərək körpədən başlayaraq bir vətəndaşın həyat prinsipi, həyat qanunu nizamnaməsi olsun.
(Ümummilli lider Heydər Əliyev)
Xocalı qəhrəmanlar şəhəridir
Füsunkar təbiəti, tarixi abidələri ilə məşhur olan Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Ulu babalarımızın yaşayıb-yaratdığı yurd yerimizdir Xocalı...
Torpaq iddiasına düşən mənfur erməni quldurları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda genosid aktı törətdilər. Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməkliyi ilə şəhər tamamilə yandırıldı, günahsız insanlara - qocalara, körpələrə, qadınlara divan tutuldu. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Həmin gecə 1275 nəfər girov götürüldü. Onların 150-nin taleyi indi də məlum deyil.
Xocalılar son damla qanlarına qədər düşmənlə mübarizə apardılar. Doğma torpağa nə qədər bağlı olduqlarını sübuta yetirdilər.
Millət vəkili Elman Məmmədov “Şəhərin özünümüdafiə taboru olmasaydı, Xocalıdan bir insan sağ çıxa bilməzdi” yazısında qeyd edir ki, biz Xocalıdan başımızı götürüb qaçmamışıq. Xocalının oğulları qəhrəmancasına döyüşüblər. Bu səbəbdən Ulu öndər Heydər Əliyev Xocalı sakinləri ilə görüşəndə 114 nəfər döyüşçünü təltif etdi. Neçə nəfər Milli Qəhrəman adı aldı. “Azərbaycan bayrağı” ordeni və “İgidliyə görə” medalı alanlar oldu. Bu da mərdliyə, dəyanətə görə Xocalı döyüşçülərinə verilən qiymət idi.
Xocalı gəncləri Azərbaycan gəncliyinin inkişafına öz töhfəsini verir
XX əsrin ən dəhşətli soyqırımını yaşamış xocalılar bu gün respublikamızının 55 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar. Doğma dədə-baba yurdundan 26 ildir ki, didərgin düşən gənc xocalılar indi orta yaş dövrünə qədəm qoyub. Faciə zamanı erməni quldurlarının gülləsindən qaça bilən, əsirliyindən qurtulan körpələr isə indi ömrünün gənclik günlərini yaşayırlar. Bu gün ölkəmizdə hər cür diqqət və qayğı ilə əhatə olunan, azad və əmin-amanlıq şəraitində yaşayan gənclərimiz özünü xoşbəxt vətəndaş kimi hiss edir. Təbii ki, Xocalı gəncləri də bu diqqət və qayğıdan kənarda qalmır. Gənclərimiz gündən-günə inkişaf edən ölkəmizin layiqli vətəndaşları kimi Azərbaycan gəncliyinin inkişafına töhfələr verir, rayonumuzun adı üçün uğurlar qazanmağa can atır. Köçkünlük şəraitində yaşamasına baxmayaraq, Xocalı rayon gəncliyi də dövlət-gənclər siyasəti nəticəsində əldə olunmuş uğurlardan heç də geri qalmır. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxışlarının birində vurğulayır ki, xocalıları ermənilər yerindən didərgin salanda, əhalimizin bir qismini şəhid edəndə, onlar elə bilirdilər ki, xocalılar bununla həyata son deyəcəklər. Xeyr. Xocalılar yaşayır, xocalılar həyatdadır, xocalılar öz mübarizəsini davam etdirirlər. Sakinlərimiz əmək işi ilə bərabər, təhsildə, idmanda və digər bütün sahələrdə uğurla çalışırlar. Rayon gənclərinin cəmiyyətdə layiqli yer tutmalarına və öz bacarıqlarını nümayiş etdirə bilmək üçün Xocalı rayon İcra Hakimiyyəti tərəfindən lazım olan səviyyədə şərait yaradılır.
Yeniyetmə və gənclərimizin gözlərində olan sevinci görmək, yaşamaq, onu hiss etmək lazımdır. Onların sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizidir.
Aprel döyüşlərində düşmən üzərində şanlı qələbəmiz gənclərimizdə
vətənpərvərlik hissini daha da artırdı
Azərbaycan Ordusunun Aprel döyüşlərində düşmən üzərində qələbəsi gənc nəslin vətənpərvərlik hissini daha da artırdı. Xalqımızın Ordumuz və Ali Baş Komandan İlham Əliyevlə həmrəyliyi bizi inam və qətiyyətlə qələbəyə apardı. Minlərlə gənc könüllü olaraq döyüşlərə qatılmaq üçün səfərbər oldular.
Düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgərlərimizinsırasında əslən Xocalı rayonunun Meşəli kəndindən olan Sarvan Mehralıyev də vardı. Mehralıyev Sarvan Natiq oğlu 1997-ci il iyulun 8-də anadan olub. Qardaşı Namiqlə birgə 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb, hər ikisi cəbhə xəttindəki “N” saylı hərbi hissədə xidmətə başlayıblar. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olub. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Aprel şəhidlərinin və Sarvan Mehralıyevin keçdiyi şərəfli döyüş yolu haqqında məktəblərimizdə tədbirlər keçirilir, şagirdlərə Ordumuzun qüdrəti və qəhrəman Azərbaycan övladları haqqında məlumatlar verilir.
Xocalı rayonunun gənclərində
düşmənə nifrət, qisas və vətənpərvərlik hissləri yüksəkdir
İdman yarışlarında, təhsil, mədəniyyət və digər sahələrdə rayon gəncləri müvəffəqiyyətlər qazanır. Buna bir neçə misal gətirmək olar: Hüseynquliyev Nihad Ələkbər oğlu 2001-ci il noyabr ayının 2-də Gəncədə anadan olmuşdur. Valideynləri düşmən tapdağında qalan Xocalı rayon Kərkicahan qəsəbə sakinləridir. O, 02.12.2016-cı il tarixdə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə III yer uğrunda mübarizədə erməni güləşçisini məğlub edərək kuboka sahib olmuşdur. Nihad “Xocalının səsi” qəzetinə müsahibəsində qeyd edir ki, erməni güləşçisi ilə güləşərkən ancaq qələbə qazanmağı düşünürdüm. Çünki rəqibimə baxarkən ermənilərin Xocalıda günahsız insanlara qarşı törətdiyi cinayətlər gözlərimin qarşısına gəlirdi. Xocalı əsilli 2006-cı il təvəllüdlü Məmmədli Brilyant İsmayıl qızı 2016-cı il dekabr ayının 3-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “FIRST, INTERNATIONAL “EDELWEISS” COMPETITION ifaçılıq müsabiqəsində iştirak edərək, A2 kateqoriyası üzrə II yerin sahibi olub. Kiçik yaşlarından sehrkar barmaqları, saf dünyası və təmiz qəlbi ilə Xocalını böyük uğurla təmsil edən Brilyant xocalıların fəxridir. İnanırıq ki, o daha da parlaq uğurlar qazanacaq. Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən yeni yaradılan “Xocalı” idman klubunun yetirmələri 30.11.2017 və 04.12.2017 tarixlərdə Budo döyüş növləri üzrə keçirilən dünya kubokunda 9 idmançı ilə yüksək bacarıq göstərib və Azərbaycan Bayrağını yüksəldərək 6 qızıl, 1 gümüş, 2 bürünc medalla yarışı başa vurublar. Turnirdə 90 kq çəkidə Xocalı idmançısı, Aprel döyüşlərinin iştirakçısı Coşqun Həsrətzadə qızıl kəmərə sahib olmuşdur. “Xocalı” idman klubu fevralın 14-18-də Kikboksinq üzrə Azərbaycan birinciliyində 3 qızıl, 2 gümüş, 7 bürünc medalla çempionatı başa vurmuşdur.
Klubun baş məşqçisi Əli Cəfərov vurğulayır ki, əsas məqsədimiz Xocalı adını layiqincə təmsil etmək və himnimizi oxumaq, bayrağımızı zirvələrə qaldırmaqdır.
Vətənpəvərlik hissi əvvəl ailədə, sonra məktəbdə, cəmiyyətdə formalaşır
Evdə valideynlərin uşaqları düzgün tərbiyə etməsi, milli ruhda böyütməsi onların gələcəkdə layiqli vətəndaş olmaları üçün əsas zəmin yaradır. Xocalı rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Ramiz Alıyev V sinifdə oxuyan oğlunu hərbi hissələrə aparıb əsgər və zabitlərlə görüşdürür. Əsgər həyatını oğluna əyani olaraq göstərir. Əsgərlərlə bir yerdə nahar etməsinə, hərbi geyimləri geyməsinə şəarit yaradır. Milli silah-sursatlar haqqında məlumat verir. Eyni zamanda Azərbaycan Ordusunun qüdrətindən, qəhrəmanlarımızdan, igid döyüşçülərimizdən danışır. Bütün bunlar təbii ki, kiçik məktəblidə doğma Vətənə məhəbbət hissini artırır, özünü gələcəyin igid əsgəri, savadlı zabiti kimi görməsində təsüvvür yaradır. Vətənpərvərlik hissi yüksək olan yeniyetmə və gənclər ailədə, cəmiyyətdə yüksək mənəviyyatlı şəxsiyyət kimi davranır. Öz elini, millətini dərin hörmət və məhəbbətlə sevir. Belə şəxslər şübhəsiz ki, örnək götürüləsi gənclər sırasına daxil olur. Ata tərbiyəsi qədər ana tərbiyəsinin xüsusi əhəmiyyəti vardır. Məhz analar öv-ladlarını Vətən üçün layiqli vətəndaş kimi böyüdürlər, tərbiyə verirlər. Tarixin bütün dövrlərində Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub, igid oğullar dünyaya gətirib. Ana ilə Vətənin eyni tutulduğu məmləkətimizdə analar övladlarını əsgər yola salarkən Vətəni öz namusu və şərəfi kimi qorumağını tapşırır.
Xocalı rayon ümumtəhsil məktəblərinin dəhlizlərində Azərbaycanın Milli Qəhrəmanları və şəhidlərimizin şəkillərindən ibarət stendlər vurulmuşdur. Məktəblərdə işğal olunmuş rayonlarımızın, Xocalı Soyqrımının, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün, 20 Yanvar hadisəsinin ildönümlərində şagirdlərə tariximiz öyrədilir, qəhrəman və şəhidlərimizdən məlumatlar verilməklə yanaşı, xalqımızın döyüşkən xalq olduğu, mənfur düşmənlərə qarşı qəhrəmanlıqla mübarizə apardığımız xüsusi qeyd olunur.
Tədris ili ərzində şagirdlər məktəb rəhbərliyinin təşkilatçılığı ilə hərbi hissələrə səfər edirlər. Şagirdlər belə görüşləri çox sevinc və maraqla qarşılayırlar. Əsgərlərlə söhbət aparır, silah-sursatlar haqqında məlumatlar alırlar. Zabitlərin çıxışı onlarda döyüşə atılmağa hazır əsgərlər kimi ruh yaradır. Şagirdlərin aldığı təəssüratlar onların yaddaşına möhkəm həkk olur.
Gənclərin çağırışaqədərki hazırlığı fənnindən dərs deyən müəllimlərin çoxu I Qarabağ Müharibəsinin iştirakçılarıdır. Onlar şagirdlərə vətənpərvərlik hisslərini daha yaxşı aşılaya bilirlər. Xocalı rayon məktəbliləri Gənclər və İdman, Təhsil, Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən “Şahinlər” hərbi-idman oyunlarında böyük həvəs və ruh yüksəkliyi ilə iştirak edərək uğurlu nəticələr əldə edirlər. Qəhrəman bir şəhərin övladları kimi hərbi geyimə, silaha maraq göstərirlər. Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilən bu yarışlar onların ordu sıralarında xidmətə hazırlanmasına kömək edir, gələcəkdə hərbi peşəyə yiyələnmələri üçün təsəvvür yaradır.
Xocalı rayon Gənclər və İdman İdarəsi gənclər və idman sahəsinin rayonda həyata keçirilməsini təmin edir. Dövlət Gənclər Siyasətinin rayonda fəal həyata keçməsi üçün çalışır. İdarə idmanın inkişafı istiqamətində işlər görür, yeniyetmə və gənclərin maraqlarının təmin edilməsi istiqamətində müsabiqələr, bilik yarışları və digər tədbirlər təşkil edir. 2017-ci il ərzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” mövzusunda, “Bayrağımız qürur mənbəyimizdir” devizi altında dövlət rəmzlərinin təbliği məqsədilə yeniyetmə və gənclərlə görüşlər keçirilmiş, “Odlar Yurdu Azərbaycan” mövzusunda gənclər arasında intellektual yarışlar keçirilmişdir.
Rayonumuzun hüquq-mühafizə orqanlarının məsul işçiləri məktəblərdə şagirdlərlə vətənpərvərlik mövzusunda qarşılıqlı müzakirə əsasında görüşlər keçirir. Görüşlərdə Milli Qəhrəmanlarımızdan, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu və memarı kimi gördüyü işlərdən, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişafından danışılır. Eyni zamanda zərərli vərdişlərin ağır nəticəsi haqqında maarifləndirici məlumatlar verilir, dini cərəyanların yayılmasının dövlətimizin zəiflədilməsinə, xalqımızın bölünməsinə yönəldildiyi qeyd olunur. Belə görüşlərin keçirilməsi gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsinə və vətənpərvərlik hisslərinin tərbiyəsinə müsbət təsir edir.
Azərbaycanın xoşbəxt gələcəyi, onun uğurlu inkişafı sağlam düşüncəli Vətənini, torpağını sevən gənclərdən asılıdır. Xocalı gəncləri taleyüklü rayonun gəncləri kimi öz üzərlərinə düşən məsuliyyəti dərk edirlər. Düşmən tapdağı altında inildəyən torpaqlarımızın, viran qəbirlərimizin azad olunması üçün, eyni zamanda ölkəmizin daha da inkişafına nail olmaq naminə güclü biliyə, düzgün əqidəyə, birliyə ehtiyacımız olduğunu bilirlər.
Sonda fikrimi “Məndən dəyərlidir şəhid məzarı” şeirimlə tamamlayıram.
Olsa da gəncliyim bu qədər parlaq,
Məndən dəyərlidir şəhid məzarı.
Doğma yurdum qalıb düşmənə tapdaq,
Mən isə elimin yurdsuz yazarı.
Günəşli Vətənim fərəhim mənim,
Sənə oğul olmaq gərəyim mənim.
Qürurla dolsa da ürəyim mənim,
Qarabağ qəlbimin qəm, ahu-zarı.
Hopub hər misrama vətənpərvər hiss,
Əməlim mübariz, sözüm mübariz.
Qəlbimdə qisasdan coşur bir dəniz,
Dağlayır sinəmi yurd intizarı.
Qəlbimdə, dilimdə Xocalı ahı,
Qələmim ən güclü Ordu silahı!
Dolanır fikrimdə Mübariz ruhu,
Səsləyir könlümü yurduma sarı.
Qalib BƏYMƏMMƏDOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün